Məqalələr


Müasir pedaqoji texnologiyalardan istifadənin imkan və yolları
 Təhməzova Könül Arif qızı  
                                        Bülbül adına orta ixtisas musiqi
                                        məktəbinin ibtidai sinif müəllimi
                                                       

                                 Açar sözlər: tərbiyə, rol, tarixi abidə, məqsəd, vəzifə
                                 Ключевое слово: воспитания, pоль, памятниk, цель, задачи
                                 Key words: education, role, monuments, purpose, objectives  

        Qloballaşan dünyamızda güclü informasiya axını, istehsal sahələrinin və texnologiyalarının dinamik yeniləşməsi, fəaliyyət sahələrinin xarakterinin sürətli və çevik növbələşməsi ictimai həyatın bütün sahələrində olduğu kimi, təlim-tərbiyə, təhsil və idarəetmə metodlarına da ciddi təsir etmişdir. Dünya təcrübəsi göstərir ki, müasir təlimin səmərəliliyinin yüksəldilməsində yeni pedaqoji texnologiyalar və onların imkanlarından düzgün istifadə böyük əhəmiyyət kəsb edir.
       Ənənəvi təlim metodları müasir pedaqoji problemləri tam həll etməyə qadir deyil. Belə ki, təlimin məzmununun sürətlə dəyişməsi, hazırkı ənənəvi təlim ünsürləri, yeni tədris prosesinin əvvəlcədən hazırlanmış formalarda, özü də indiki tələbləri nəzərə almadan aparılması təlimin səmərəsinin yüksəldilməsini, öyrənən və öyrədənlərin təhsildə fəal iştirakını tam təmin etmir. Təlimdə müasir informasiya-kommunikasiya texnologiyalarına tətbiqi zamanı hər bir öyrənən istənilən formada və məzmunda fəal olaraq fərdi şəkildə bilik və bacarıq əldə edə bilər. İnformasiya-kommunikasiya texnologiyalarının– peyk antenna, video, kompyuter, internet, mobil telefon və digərlərinin hər biri təlimin səmərəsinin yüksəldilməsində mühüm rol oynayır.     
         Ötən əsrin ortalarından başlayaraq yeni pedaqoji texnologiyalar məktəbə ayaq açmışdır. Müasir texnologiyalar əsasında yaradılmış təhsil ənənəvi təhsil sistemində olan çatışmazlıqları tezliklə aradan qaldırmış və təlimdə köklü dəyişikliklər əmələ gətirmişdir. İnformasiya və müasir pedaqoji texnologiyalar inkişaf etməkdə olan ölkələr üçün nailiyyət meyarına çevrilmişdir.
        Lakin təlimin inkişafı və səmərəliliyinin artırılması üçün təkcə İKT yenilikləri kifayət etməmişdir. Müasir pedaqoji texnologiyalar özündə həm də metodları, üsul və vasitələri cəmləşdirmək məcburiyyətində qalmışdır. Bu gün artıq Ümumtəhsil məktəblərində təlimin səmərəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən müasir texnologiyalardan: interaktiv metodlardan, fəal və yaradıcı təlim texnologiyalarından sərbəst iş prosesində ünsiyyət və əməkdaşlıqdan, kollektiv, qrup, cüt, fərdi halda öyrənmək, əqli hücum, dəyirmi masa, əməkdaşlıq, layihələr müxtəlif səviyyəli təlim, konstruktiv təlim, fəal diskussiya, təfəkkürün fəallığı, işgüzar oyunlar, söz assosasiyaları, problemi təlim, inkişafetdirici təlim kimi yeni təlim metodlarından söhbət açılır. Təlimin səmərəsinin yüksəldilməsində onların imkanları araşdırılır.
         Müasir təlim metodlarının təhlilinə xüsusi fikir verilir.  Hazırki dövrdə təlim metodları təhsil, tərbiyəedici, inkişafetdirici, stimullaşdırıcı, nəzarət, qiymətləndirmə (2, s.265) və b. funksiyaları yerinə yetirir, interaktiv metodlar (müsahibə, dialoq) öyrədən və öyrənənlər, həm də öyrənənlərin özləri arasındakı fəal, qarşılıqlı münasibətlərin daha geniş formada baş verməsini nəzərdə tutur. Əməkdaşlıq şəraitində təlim metodunun başlıca ideyası nəyi isə birlikdə icra etmək olmayıb, birlikdə öyrənməkdir. Bu prosesdə şagirdlər materialı kiçik qruplarla birlikdə öyrənir, ayrı-ayrılıqda icra edirlər.
          Digər bir aktual metod olan layihələr metodu şagird fəaliyyətinin müstəqilliyinə xidmət edir, fərdi, cüt, qrup halında, müəyyən zaman kəsiyi müddətində həyata keçirilir. Müxtəlif səviyyəli təlim metodu şəxsiyyətə yönəldilmiş təlim ideyasına əsaslanır. Bu metodun başlıca qayəsi təlimi şagirdlərin xüsusi qabiliyyətlərinə, istedadlarına, imkanlarına görə differensiallaşdırmaq və fərdiləşdirməkdir.
           Ümumtəhsil məktəblərində təlimin səmərəsinin yüksəldilməsində təlim vasitələri də mühüm əhəmiyyət kəsb edir. Əslində, bu vasitələr öyrədənin öyrətmə, öyrənənin öyrənmə prosesində istifadə etdiyi texnologiyadır. Metod işi «necə görmək?», vasitə isə «nə ilə görmək» suallarına cavabdır.  Müasir təlimdə makro və mikrotexnologiyaların: kompyuter, internet, multimedia müşahidə vasitələri, ixtisaslaşdırılmış dərsliklər, elektron dərsliklər, kompyuter treninq proqramlarının daxil olduğu elektron-tədris-metodik komplekslərin istifadəsi xüsusi əhəmiyyət kəsb edir.
            Bütün sadalananlardan istifadə şagirdlərin müstəqilliyini, sərbəst fikir söyləyə bilmək qabiliyyətlərini, təfəkkür müstəqilliyinin inkişafını təmin etmək, onların informasiya cəmiyyətində gələcək həyata, müasir cəmiyyətin informasiyalaşması sayəsində meydana gələn sosial sirdaşların həyata keçirilməsinə hazırlanması məqsədini daşıyır. Bununla müəllimlər həm də müasir pedaqoji texnologiya metodlarından və vasitələrindən ağılla istifadə edib, təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldə bilərlər.
            Müasir dövrdə pedaqoji texnologiyalar tədris proqramlarında qarşıya qoyulan təhsil məqsədlərinin daha səmərəli yerinə yetirilməsini nəzərdə tutan metod və vasitələr sistemi kimi nəzərdə tutulur.
        Ötən əsrin 60-cı illərindən ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Yaponiya və başqa ölkələrdə təlimin texnoloji vasitələri kimi təhsil prosesinə gətirilən və az müddət ərzində böyük nəticələr əldə edilən pedaqoji texnologiyalar, xüsusən kompyuter, internet, veb şəbəkə, elektron öyrənmə vasitələri bu gün öyrədən və öyrənən arasında müntəzəm və operativ əlaqə, əks əlaqə, dialoq yaradan əhəmiyyətli vasitələr  kimi təsbit olunmağa başlanmışdır. Bu texnoloji vasitələr elmi biliklərin didaktik dəyişməsinə, müəllim və şagirdlərin, rəhbər işçilərin təhsil sahəsində innovasiyaları nəzərə almaqla tədris prosesinin elmi təşkilinə gətirib çıxarır (3, s.7).
           Təlim prosesində informasiya texnologiyaları şagird və müəllimlərin müxtəlif fəaliyyət növlərində tətbiq olunur və hər bir şagirdin psixi inkişafına güclü təsir göstərir. Ayrı-ayrı fənlər və mövzular üzrə məşğələlərdə informasiya texnologiyalarından istifadə şagirdlərin psixi fəaliyyətini gücləndirir. Müəllim şagirdlərin idrak fəallığını gücləndirmək və təlimin səmərəsini yüksəltmək məqsədilə təlimə bir sıra pedaqoji texnologiyalar daxil edərək məktəblilərin psixi funksiyalarını da dəyişmiş olur.
         Qavrama prosesində iştirak edən görmə və eşitmə analizatorları tədris materialı haqqında daha dolğun və dəqiqi təsəvvürlərin qazanılmasına imkan verir. Pedaqoji texnologiyalar vasitəsilə alınan məlumatlar həm də qısa müddətli hafizədən uzunmüddətli hafizə fonduna ötürülür. Təhlil-tərkib, ümumiləşdirmə, nəticə çıxarmaq əsasında qazanılmış materiallar saf-çürük edilir, daha əhəmiyyətliləri yaddaşda möhkəmlənir, az əzəmiyyətli olanlar isə yaddaşdan silinir.
           Pedaqoji texnologiyaların təlim prosesinə tətbiqi, eyni zamanda, hissi obrazların yaranmasına şərait yaradır. Şagirdlər informasiya və pedaqoji texnologiyaların köməyilə cisim və hadisələr haqqında verilən məlumatı dərk edərkən onlara müəyyən münasibət göstərirlər. Tədris materiallarının qavranılmasında, dərk olunub başa düşülməsində təbii ki, qavrayışın tamlığı, mənalılığı, çevikliyi və nisbi sakitliyi də mühüm əhəmiyyət daşıyır. Kompyuter və digər texnologiyalardan istifadə zamanı şagirdlər həm də iradi səy göstərirlər. Şagirdlərdə iradənin bir sıra xüsusiyyətləri özünü büruzə verir. İnformasiya texnologiyalarının tətbiq olunduğu dərslərdə hər hansı bir qərar qəbul edərkən hər bir müəllim və şagirdlər məntiqi-psixoloji əməliyyatı yerinə yetirmə, funksional-dinamik və qərar qəbul etmə prosesinin formalaşdırılması istiqamətlərini nəzərə almalıdırlar.
         Kompyuter təlimində şagirdlərin psixi fəaliyyəti qüvvətlənir. Təlim uğurları təkcə şagirdin təlimə qabilliyi, bütövlükdə qabiliyyəti ilə deyil, həm də təlim motivasiyası ilə şərtlənir. Öyrənmə motivasiyası didaktik prosesin səmərəliliyini, məhsuldarlığını müəyyən edən, artıran amillər kimi prosesin aparıcı və hərəkətverici qüvvəsidir. Təbii ki, təlimdə şagirdin tələbat və maraqları, arzuları və emosiyaları, durumları və idealları da böyük rol oynayır.
         Müasir pedaqoji texnologiyalardan tədris prosesində müxtəlif məqsədlər üçün, xüsusən təlimin səmərəliliyini yüksəltmək və onun keyfiyyətini artırmaq məqsədi ilə istifadədəsi ən actual problemlərdəndir. Təhsil sferasında səmərəlilik və keyfiyyət, təlim nəticələrinin əvvəlcədən müəyyən edilmiş normativlər əsasında şagirdlərin mənimsəmə səviyyəsini, ümumi halda təhsil sisteminin durumunu müəyyən edən ən vacib göstəricidir (1, s.408). Tədris prosesində təlimin səmərəliliyinin yüksəldilməsi, tədris-təlim prosesinin keyfiyyətinin artırılması yeni təlim və pedaqoji texnologiyalarının; interaktiv, fəal, kompyuter, internet, əməkdaşlıq, layihələr, müxtəlif səviyyəli, təlim, problemli təlim, inkişafetdirici təlim, pedaqoji oyun və modul texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlıdır.
          Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisdi və mənəvi münasibətlər təhsil sisteminin və onun tərkib hissəsi olan müəllimlərin bu prosesə çevik, dinamik adaptasiya olunmasını tələb etdiyindən, ümidvaram ki, pedaqoji texnologiyalardan düzgün, yerində və məqamında istifadə müəllimlərin prioritetinə çevriləcəkdir.


Пути использования современных педагогических технологий

               В статье раскрывается педагогические условия применения современных педагогических технологий, пути использования современных педагогических технологий с целью повышения эффективности обучения.


Ways for the use of modern educational technology

           In the article is revealed the pedagogical conditions of application of modern educational technology, ways of using modern educational technology to enhance the effectiveness of training.


Ədəbiyyat

1.      Təlim prosesində informasiya texnologiyalarından istifadə müasir
dövrün tələbi ki

mi. “Tarix və onun problemləri”. 2008, s.406-409.
2. Öyrənmə prosesində internetin rolu. “Dil və ədəbiyyat” jurnalı,
№ 4, 2009, s.264-266.

3. Təlim prosesində mobildən istifadə. “Elmi İrtibat” jurnalı, № 4, 2009, s.7-9.

3 yorum:

  1. Ümumi təhsil sistemində yeniliklər axını qarşısında, tələb olunan dəyişikliklər qarşısında müəllimlər aciz idilər.Lakin maarifləndirmə işləri o qədər operativ , dinamik aparılır ki , artıq nəticələr üzdədir. Yeniliklərdən zövq alırıq. Sizə uğurlar bu işdə!.Bu prosesin məktəbəqədər təhsil sistemində də dönüş yaratmasına ümid edirik.

    YanıtlaSil
  2. Cox sag olun Sabina xanim. Inaniramki cox qisa zamanda mektebeqeder tehsil sisteminde de muellimler oz tewebbusleri ile butun yenilikleri oyrenerek oyrendikleri yenilikleri tetbiq etmeyi bacaracaqlar

    YanıtlaSil
  3. Təbrik edirəm. Sadə və anlaşıqlı dildə təhlil edirsiniz

    YanıtlaSil