30 Eylül 2014 Salı

“Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsi

“Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsi

Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsini elan edir. Müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, - təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi; - “peşəkar müəllim” obrazının yaradılması; - müəllim peşəsinin nüfuzunun artırılması; - ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması; - peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması; - gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsidir. Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim olunmalıdır. Müsabiqə elanına yüksək bal toplayan və ucqar kənd məktəblərində yeni fəaliyyətə başlayan müəllimlərin siyahısı əlavə edilib. Süjetlərin qəhrəmanları siyahıda göstərilən müəllimlər olmalıdır. Müsabiqəyə təqdim edilən süjetlərin xronometrajı ən azı 2 dəqiqə olmalıdır. Süjetlər oktyabrın 1-dən 20-dək respublika ərazisində yayımlanan telekanallarda nümayiş etdirilməlidir. Müəllif efir materialının televiziyada nümayiş olunmuş variantını DVD diskə köçürərək Təhsil Nazirliyinə təqdim etməlidir. Müsabiqə ilə bağlı yaranan suallara tvmusabiqe@edu.gov.az elektron poçt ünvanına sorğu göndərməklə və ya 4969490 nömrəli telefona zəng etməklə cavab almaq mümkündür. Müsabiqənin nəticələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu gündə - oktyabrın 24-də açıqlanacaq və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Yüksək bal toplayan və hazırda ucqar kənd məktəblərində çalışan müəllimlərin siyahısı

29 Eylül 2014 Pazartesi

Kitab oxumağın şagirdlərin inkişafına təsiri haqqında mütəxəssis fikirləri.

 
 

Əjdər AĞAYEV,
 
pedaqoji elmlər doktoru, professor
 
Bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik yaşlardan onların yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır.
Bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirdiyi kimi, məlumatlarını da artırır. Şagirdlər təlim prosesində öyrəndiklərini bədii ədəbiyyatı oxuyub təhlil edərkən bir daha təsdiqləyirlər. Ona görə də uşaqların kamilləşməsinə, bədii-estetik zövqünün inkişafına təsir edən bədii ədəbiyyatın oxunması tədris proqramlarına daxil edilməli, sistemli və müntəzəm şəkildə həyata keçirilməlidir.
 
* * *
  
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini
 
Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm atributlarından olan mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu mədəniyyətin aşılanması yollarından və vasitələrindən biri də mütaliədir. Təbii ki, müasir insan üçün son dərəcə zəruri olan bu bacarıqların formalaşdırılmasının ağırlıq mərkəzi daha çox məktəbin, təhsil müəssisələrinin üzərinə düşür.
Təhsil islahatları dövründə bu məsələlərin müzakirəsi həmişə gündəmdə olub və yeni təhsil proqramlarının (kurikulumların) hazırlanmasında metodoloji əsas kimi nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi milli səviyyəli səriştələrdə (kompetensiyalarda), istərsə də siniflər üzrə standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə onu dəyərə (oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə "Oxu" və "Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və həyat", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətləri üzrə qruplaşdırılmış standartların başlıca funksiyası, məhz oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi prosesindəki oxu və yazı fəaliyyətləri və şagirdlərin özlərinin müstəqil mütaliəsi də buraya əlavə edilmiş olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə imkanların yaradıldığı aydın görünər.
Standartların reallaşdırılması, oradakı tələblərin yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu hazırlamasından çox asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik komplektini nəzərdən keçirməli, şagirdlərini standartların tələbinə uyğun inkişaf etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə, o cümlədən mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları müəyyənləşdirməlidir.
 
* * *
  
Asif CAHANGİROV,
əməkdar müəllim, təhsil eksperti
 
Mütaliənin əhəmiyyətini, vacibliyini daim mütaliə edənlər dərk edir və başa düşür. Bir çox gəncimizin, eləcə də, açığını deyək, sayı o qədər də az olmayan pedaqoji işçilərin   bədii ədəbiyyata, müxtəlif növ elmi-kütləvi, elmi-pedaqoji kitablara maraq göstərməməsi məni həmişə narahat etmişdir. İstər müəllimlər, istər valideynlərlə görüşlərdə, istərsə də ictimaiyyət arasında vurğulamışam ki, mütaliə inkişaf, öz üzərində daim işləmək deməkdir və mütaliə edənlər öz erudisiyası, geniş bilik və mükəmməl kompetensiyaları, karyera inkişafı ilə həmişə ətrafdakılardan seçilir.
 Bəziləri düşünür ki, indiki kompüter, informasiya dövründə mütaliədən danışanda söhbət yalnız nəşr olunmuş kitablardan gedir. Əslində elektron vasitələri mütaliə üçün daha geniş imkanlar açmış, əlverişli şərait yaratmışdır. 
Sözsüz ki, məktəblilərimizin mütaliəyə şüurlu və sistemli şəkildə yanaşması üçün Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun dəstəyinə ehtiyac vardır. İlk növbədə, mövcud çap məhsulları və elektron resurslarının dərin təhlili aparılmaqla, müxtəlif yaş qrupları üzrə tövsiyə edilən ədəbiyyatın siyahısı hazırlanmalıdır. Məsələn, elektron resursları, bədii ədəbiyyatın əhəmiyyətliliyini nəzərə almaqla fənlər üzrə sinifdənxaric oxu üçün 250-300 kitab müəyyənləşdirib 2-3 illik proqram hazırlamaq olar. İnformasiyanın daim çoxaldığını nəzərə alsaq hər il üçün hər bir fənn üzrə 10-15 adda ən mühüm sayılan bədii, elmi-kütləvi ədəbiyyatı, mütəfəkkir və alimlərin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında olan kitabları, bioqrafik əsərləri seçib mütaliə üçün tövsiyə etmək məqsədəuyğun olardı.
Yalnız mütaliə deyil, həmin prosesin məktəb rəhbərliyi və müəllimlər, eləcə də təhsili idarəetmə orqanları tərəfindən sistemli idarəolunmasının, onun monitorinqinin vacibliyini də vurğulamaq istərdim. Yəni, əgər biz məsələnin əhəmiyyətini dərk ediriksə, ona bir kampaniya kimi, formal yanaşılmamalıdır.   Bunu, məsələn, hər bir əsər üzrə inşaların yazdırılması, diskussiyaların təşkil olunması, valideynlər də cəlb olunmaqla hansısa kütləvi tədbirlərin keçirilməsi və ya başqa şəkildə etmək olar.
Bununla biz nə qazanırıq?
İlk növbədə, şagirdlərdə oxu zövqünü formalaşdırmaqla bərabər özlərinin inkişafına marağı artırırıq. İkincisi, müxtəlif sahələrdə biliklərini dərinləşdiririk, tədqiqat fəaliyyətini yüksəldir və inkişaf etdiririk. Biz onlarda elə zövq formalaşdırırıq ki, sonralar özləri kitab seçərkən artıq müqayisələr aparmaq onlara asan olur. Məsələn, Nizamini, Şekspiri, Heminqueyi, Tolstoyu, Hüseyn Cavidi, Çingiz Aytmatovu oxuyan, onların əsərləri əsasında formalaşan gənc hansısa eybəcər və bayağı əsərləri artıq vərəqləməyəcək, ciddi məna kəsb etməyən elektron saytlarına daxil olmayacaq. Bu dahilərin əsərləri ilə tanış olan adam primitiv ədəbiyyatı oxumayacaqdır.
Eyni zamanda biz internet resurslarından elm, bədii ədəbiyyat sahəsində saytları uşaqlara verəndən və onlar bu internet saytlarından istifadə edəndən sonra onların lüzumsuz saytlara meyli də azalacaqdır.
 

"Azərbaycan müəllimi"  qəzeti

27 Eylül 2014 Cumartesi

Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğurla çıxış ediblər.

Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğurla çıxış ediblər.

25-30 avqust 2014-cü il tarixlərində Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V Beynəlxalq müsabiqəsi və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq Müsabiqəsi keçirilib. Dünyanın 11 ölkəsindən 147 gənc vokalçının qatıldığı bu nüfuzlu müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Çinarə Əzimova və Sona İsgəndərli təmsil ediblər. Müsabiqənin münsiflər heyətinə görkəmli musiqiçilər Xuan Pons (İspaniya), Beatris Parra (Ekvador), Bruno Pratiko (İtaliya), Miqel Lerin (İspaniya), Makvala Kasraşvili (Rusiya), Qalina Pisarenko (Rusiya), Ruzanna Lisisian (Rusiya) dəvət olunublar.
Azərbaycanlı ifaçılar müsabiqədə böyük uğura imza atıblar. Belə ki, VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Çinarə Əzimova münsiflər heyətinin qərarı ilə II yeri tutub. VIII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli isə müsabiqənin diplomantı adına layiq görülüb.
Sentyabrın 1-də D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında keçirilən qaliblərin təltifolunma mərasimində və yekun konsertində Çinarə Əzimovanın çıxışı böyük maraqla qarşılanıb.

Veb 2 və Veb 3 alətlərdən istifadə edərək müasir tədris prossesinin qurulması təlim modeli.

Veb 2 və Veb 3 alətlərdən istifadə edərək müasir tədris prossesinin qurulması təlim modeli.

23-26 sentyabr 2014-cü il tarixdə 132-134 nömrəli Təhsil Kommleksinin ibtidai sinif müəllimləri üçün "Veb 2 və Veb 3 alətlərdən istifadə edərək müasir tədris prossesinin qurulması təlim modeli" Təlimi start götürdü. Təlim zamanı müəllimlərə tədris prossesində istifadə edə biləcəkləri yeni alətlər, müəllim bloqlarının kodlaşma ilə yıgılması öyrədildi.  Təlimdə Təlimçi kimi Veb2.0 və Veb 3.0 alətlər üzrə Təlimçi/ekspert Süleymanov Ramil, Könül Təhməzova və  Vəfa Vəliyeva iştirak etmişlər.















22 Eylül 2014 Pazartesi

MÜASİR MÜƏLLİM, MÜASİR MƏKTƏB -UĞURLU KARYERA YOLUNDA MƏKTƏBİN və İKT-nin ROLU

MÜASİR MÜƏLLİM, MÜASİR MƏKTƏB -UĞURLU KARYERA YOLUNDA MƏKTƏBİN və İKT-nin ROLU


Bu kitabçanı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc pedaqoqların İnternet resurslarından effektiv istifadəsinə yardım” layihəsi çərçivəsində C kateqoriyası çərçivəsində Şahbazbəyov Cavid Zaur oglu tərəfindən hazırlanmışdır. Biz əminik ki, gənclər üçün hazırladığı bu vəsait gənclərimizin, xüsusəndə gənc pedaqoqlarmızın yeni kreativ təhsil, düzgün peşə seçiminə, onların gələcək Karyera hazırlığına böyük köməkliyi olacaq. Bu kitabda əsasən həm beynəlxalq, həm də yerli təcrübələr öz əksini tapmışdır. Veb 2.0 alətlər, Beynəlxalq və yerli müsabiqələr, maraqlı  İnternet resursları, Düzgün peşə seçimi və uğurlu iş axtarışı ilə bağlı nəzəri və praktik məlumatlar. peşə seçmində özünü tanımanın önəmi. iş axtarışı və peşə seçimi zamanı nəzərə alınmalı olan fiziki. psixoloji amillər və onları müəyyənləşdirmək üçün testlər yer alıb. Bu vəsaitdə həmçinin məktəbin karyera qurucluğunda olan önəmli rolu və yeri əsas hədəflərdən biridir. Eyni zamanda məktəbdə İKT-nin köməkliyi ilə gənc pedaqoqların daha irəli getməsi, dərslərində əsl inqilab etmələri öz əksini tapmışdır.
C

avid Şahbazbəyov - Layihənin Rəhbəri



Müəlliflər:

1.      Ramil Süleymanov- Karyera və İKT üzrə peşəkar eksper
2.      Aynurə Dadaşova- Siyəzən rayon 2 nömrəli tam orta məktəbin riyaziyat/informatika müəllimi, kurikulum və İKT üzrə təlimçi
3.      Cavid Şahbazbəyov-Layihənin rəhbəri, İKT üzrə mütəxəsis
4.      Vəfa Vəliyeva-Veb 2.0 alətlər üzrə Baş Təlimçi
5.      Könül Təhnəzova-Qiymətləndirmə,Veb2.0 və Veb 3.0 alətlər üzrə Təlimçi 

21 Eylül 2014 Pazar

Hansı ölkədə dərslər nə vaxt başlayır?
















2004-ci ildən etibarən Azərbaycanda dərs ili sentyabrın 15-dən başlayır, mayın 31-i isə başa çatır.
2004-cü ilədək isə ölkədə yeni dərs ili 1 sentyabrda başlayıb, 25 mayda başa çatırdı. Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır? 

Yaponiyada təhsil aprelin 1-i başlayıb, mart ayında başa çatır. Təhsil 3 rübdən ibarətdir: Birinci rüb aprel ayının 1-i başlayır, iyul ayında başa çatır. İkinci rüb sentyabr ayından dekabr ayına qədər, üçüncü rüb isə yanvar ayından mart ayına qədər davam edir. 

Hindistanda yeni dərs ili iyun ayında başlayır, mart ayında başa çatır. Hindistanda məktəbə 4 yaşında gedirlər.
Danimarka və Finlandiyada dərslər daha tez, avqust ayında başlayır, iyun ayında isə başa çatır. Hər bir məktəbdə qidalanma ödənişsizdir.
Avstraliyada dərslər yanvar ayında başlayır, dekabr ayında başa çatır. Avstraliyada havadan asılı olaraq şagirdlər asfaltda otururlar.

Braziliyada isə tədris ili fevral ayının birinci həftəsi başlayır, dekabr ayında başa çatır.Burada iyul ayında 3 həftəlik tətil olur.
Çexiya, Estoniya, Belçika və Slovakiyada yeni dərs ili sentyabrın 1-i başlayır, iyunun 30-u başa çatır. Belçikada ikisi iki həftə, ikisi isə bir həftə olmaqla dörd dəfə tətil olur. Braziliyanın konstitusiya görə, tətil müddəti həm orta, həm də ali məktəblərdə 200 gün olmalıdır.

Pakistanda isə dərs ili avqust ayında başlayıb, may ayında başa çatır. Burada qızların başqa sinifləri, oğlanların başqa sinifləri olur.
Türkiyədə isə dərslər 15 sentyabr başlayır. Birinci rüb yanvarın 25-i, ikinci rüb isə iyun ayında bitir.
Fələstində Səudiyyə Ərəbistanından fərqli olaraq dərslər sentyabrın 1-i başlayır. 

Səudiyyə Ərəbistanında dərslər orucluq bitdikdən (Ramazan bayramından) sonra başlayır. Burada da qız və oğlan sinifləri ayrı olur. Maraqlısı isə odur ki, oğlan uşaqlarını məktəbə ataları, qızları isə anaları gətirir. Məktəblərdə 3-cü sinifədək uşaqlara dua edilməsi öyrədilməlidir.

20 Eylül 2014 Cumartesi

Qədim yunan ilahəsi Artemida


Qədim yunan ilahəsi Artemidanın Kiçik Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü "möcüzəsi" sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur. 


19 Eylül 2014 Cuma

Zehni inkişaf etdirən məşqlər.

Zehni inkişaf etdirən 7 məşq


Hər insan bir dahi deyildir. Amma zəkası olan hər insan onu inkişaf etdirərək həyatda daha uğurlu ola bilər. Bu üsullarla beynimizi və beynimizdə informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilərik.

Beyin gücü
Bir dahi olmadığınızı bilmək sizin keyfinizi pozur? Mənim keyfimi pozmur, amma arada qısqanıram əlbəttə ki. “Mənim onlardan nəyim əksikdi?” kimi nakam cümlələr yerinə əgər “Görəsən mən nə qədər irəli gedə bilərəm?” kimi cümlələr qurursunuzsa onda deməli uzlaşırsınız.

Zəkanın yox, dahiliyin bir Allah vergisi olduğu tezisi ilə beynimizi görəsən necə daha da gücləndirə bilərik deyə düşündüm və sizin üçün beyninizi biraz daha aktiv olaraq istifadə edəbiləcəyiniz bir neçə metod tapdım. Bu üsullarla beynimizi və beynimizdəki informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilmək əsas məqsəddir. Bunlardan ən məşhur olanları isə Dr. C. Stiven Poketanın izah etdiyi üsullardır. Bu an demək olar ki, hər yerdə danışılan bu metodların vasitəsilə bir çox fərqli yolla zehnimizi gücləndirə bilirik. Mən tətbiq etməyə başladımartıq. Siz də ardımca… bir ikii, bir ikii… 

1. Periferik görüşünüzü inkişaf etdirin: Gözlərinizi tərpətməyərək ətrafdakı əşyaları görə bilməyə “periferik görüş” deyilir. Bir parkda, skamyada oturun. Dik dayanın və dümdüz qabağa baxın. Gözlərinizi tərpətmədən ətrafdakı şeylərə diqqətinizi toplamağa, onları görməyə çalışın. Məşqin sonunda görə bildiyiniz hər şeyin siyahısını düzəldin. Bunu bir müddət sonra təkrar yoxlayın və görə bildiyiniz yeni şeylər varsa onları da siyahıya əlavə edin.

Səbəb: Elmi araşdırmalara görə konsentrasiya və diqqətini toplamaq üçün çox vacib olan və neurotransmitter acetylcholine adlanan maddə yaddaş pozulması zamanı azalır, alsaymer xəstələrində isə demək olar ki, tamamilə yox olur. Bu vizual zehni məşq beyindəki adı çəkilən maddənin düzgün idarə olunmasını sürətləndirir.

2. Rahat yatın: Gecə rahat yatın. Yatma çətinliyi çəkirsinizsə yataq otağının səssiz və qaranlıq olmasına fikir verin. Yaxşı yatmaq üçün rahatlama metodları öyrənin, gec saatlarda kofein qəbul etməyin. Elmi araşdırmalara görə yuxu zamanı öyrənmə və zehnin qəbul etmə fəaliyyəti sürətlənir. Praktikalarda, kifayət qədər yatmayan insanların gün ərzində yeni informasiyanı öyrənməkdə çətinlik çəkdikləri müşahidə olunmuşdur. Üstəlik, yeni bir şey öyrəndikdən sonra yuxuya getmək də məlumatların uzun müddətli yaddaşa yeridilməsini sürətləndirirmiş.

3. İdman edin: Velosiped sürün, üzün, gəzin… Belə fiziki fəaliyyətlər beynin sağlamlığı üçün vacibdir. Fürsət tapdıqca bədəninizi inkişaf etdirən məşqlər edin.

Səbəb: Son araşdırmalara görə, məşqin beyində yaddaş və məlumat yığmağa cavabdeh mərkəz olan hipokampus üstündə pozitiv təsiri vardır. Üstəlik, davamlı idmanın da alseymerin başlanğıcını geciktirdiyi vurğulanır.

4. Maneəli yollarda gəzintiyə çıxın: Daşlı və maneəli yollarda gəzin. Düz olmayan maneəli səthlərdə gəzmək, daxili qulaqda yerləşən və tarazlığa cavabdeh olan vestibul sistemini inkişaf etdirir.

5. Plastik topla məşq edin: Topu havaya atib tutun. Əgər bu işdə yaxşısınızsa, kiçik oyunlar da qura bilərsiniz. Hissiyyata təsir edən bu cür fəaliyyətlər beynin vizual, toxunuş, əl-göz koordinasiyası mərkəzlərini gücləndirir.

6. Bir musiqi alətində ifa edin: Əl-göz koordinasiyasını inkişaf etdirmək üçün bir musiqi alətində ifa edin. Musiqi alətində ifa etmək, eşitmək-qulaq asmaq, həssas əl hərəkərlərinin idarəsi və yazılı notları (vizual) mahnıya (hərəkət və səs) çevirmək kimi fərqli beyin funksiyaları arasında əlaqənin qurulmasına köməkçi olur.

7. Digər əlinizdən istifadə edin: Əgər sağ əlinizi işlədirsinizsə sol əlinizindən, sol əlinizi işlədirsinizsə sağ əlinizdən istifadə edərək hərəkətlər edin. Məsələn: dişinizi həmişə adət etdiyinizlə deyil, digər əlinizlə fırçalayın. Bu məsələdə olduqca yaxşı olana qədər davam edin. Daha sonra digər əlinizlə yeməyə çalışın. Bu öyrəşdirmə sizə daha əvvəl etdiyiniz bir hərəkəti yeni və daha çox zəhmət istəyən bir öyrənmə korteksində bacarmağınızı təmin edəcəkdir. Bu, digər beyin yarım kürəsinin daha da aktivləşməsini təmin edər. Siz yeni bacarıqlara yiyələndikcə milyonlarla neyron arasında yeni əlaqələr qurulur.

16 Eylül 2014 Salı

V “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi

  V “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi
Məlum olduğu kimi Təhsil Nazirliyi tərəfindən hər il "Elektron Təhsil" Müsabiqəsi təşkil olunur.  V "Elektron Təhsil" Müsabiqəsi  “Müasir məktəbdə elektron tədris resursları”, “Təhsildə İnternet texnologiyaları" və "Milli elektron tədris resurslarının yaradılması" istiqamətləri üzrə keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet  texnologiyalardan  tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqədə əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər  iştirak edə bilərlər. Müsabiqədə, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları da iştirak edə bilərlər. 

Müsabiqədə iştirak etmək üçün Qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər Müsabiqəyə Layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini ( şərhlərini) yaza bilərlər. 

Orta statistik məktəb müəllimimiz vətənpərvərlik dərsini necə keçir?


Orta statistik məktəb müəllimimiz vətənpərvərlik dərsini necə keçir?


DSC07966 Orta statistik məktəb müəllimimiz vətənpərvərlik dərsini necə keçir?
Bu dəfə 1905.az saytının dəyirmi masası ətrafında orta məktəb müəllimlərimiz toplaşmışdılar. Bülbül adına orta ixtisas musiqi məktəbinin ibtidai sinif müəlliməsi Könül Təhməzova, Zərifə Əliyeva adına və 189 saylı  orta məktəbin informatika müəlliməsi, təlimçi-ekspert Vəfa Vəliyeva, 132-134 nömrəli orta məktəbin ibtidai sinif müəlliməsi Südabə Səfixanova və 111 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi, təlimçi Məlihə Əsədova ilə müzakirələr apardıq.
Fuad Babayev: Xoş gəlmisiniz!
Bu, 1905.az portalının təhsilə həsr etdiyi ikinci dəyirmi masadır. Bundan əvvəlki dəyirmi masada isə biz yüksək balla universitetə qəbul olan abituriyentlərlə söhbət etmişdik. 
Bu gün sizləri burada görmək çox sevindiricidir. Tələbə adını qazanmış gənclərimizin bizim vətənpərvərlik barədə fikirlərini öyrənmişdik.
Bu gün isə şagirdlərimizə vətənpərvərlik hislərinin aşılanmasında müəllimlərimizin rolunu araşdırmaq istəyirik.
Təbii ki, orta məktəb, xüsusən aşağı sinif şagirdinə vətənpərvərlik hisslərini aşılamaq asan deyil. Ona tarixi kitablar oxutdurmaq, qəliz mövzularda biliklərini zənginləşdirməsini tələb etmək çətindir. Ancaq bu informasiyaları sadə dillə çatdırmaq siz müəllimlərin əlindədir. Sualım belədir: Bu gün orta statitik orta məktəb müəllimimiz Ermənistanın Azərbaycana təcavüzü, məruz qaldığımız soyqırımlar, faciələrimiz, yadda saxlamalı olduğumuz həqiqətləri rüşeym halında olsa belə şagirdlərə çatdıra bilirmi?
Südabə Səfixanova: İbtidai sinif müəlliməsi kimi deyə bilərəm ki, aşağı siniflərdə əksər oğlan uşaqları deyir ki, mən böyüyəndə əsgər olmaq istəyirəm. Soruşuram ki, niyə? Deyir torpaqlarımızı azad edəcəm, düşməni öldürəcəm. Deməli, o uşaq erməninin düşmən, torpaqlarımızın isə işğal altında olması barədə az da olsa məlumatlıdır. Çox yaxşı ki, kurikulum sisteminə keçəndən sonra şagirdlər məktəbdə təkcə deyiləni yazılı formada yox, həm də əyani şəkildə görürlər. Məsələn, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində biz bu barədə məlumatı şagirdə təkcə kitabla yox, həm də monitorlarda müəyyən filmlər, videolar göstərməklə izah edirik. Yəni bəlkə də heç uşaq bilmir ki, əsgər kimdi, nə iş görür, amma müəllimənin verdiyi  bilgi,  xronika onun beynində həkk olunur.
Məsələn, mən çox çalışıram ki, uşaqlara  siz dediyiniz kimi vətənpərvərlik hisslərinin ilk rüşeymlərini çatdıra bilim. Məncə, belə müəllimlərimiz az deyil. Bir dəfə (Könül müəllimə də təsdiq edə bilər) uşaqlarla belə bir layihə hazırlamışdıq. Onlara tapşırmışdım ki, təsəvvür edin ki, Avroviziya yarışmasıdır. Qonaqlar gəlib. Uşaqları böldük qruplara. Bəziləri turist oldu, bəziləri yerli sakin. Yerli sakinlər turistlərə öz qonaqpərvərliklərini göstərməli idilər. Mən onlara Ağdam, Şuşa, Gəncə və s bölgələrimiz barədə məlumat toplamağı tapşırdım. Oyunun qaydalarına görə bir turist Şəki haqqında nə isə öyrənmək istəyirsə Şəki haqqında məlumat hazırlayan yerli sakin həmin turistə bölgəmiz  barədə məlumat verir. İnanın, şagirdlərin belə oyun və layihələrə həvəsləri çox böyük olur. Və onlar belə oyunlarda daha çox məlumat öyrənirlər. Bu gün çox yaxşı ki, məktəblərdə hər şagirdin özünün masaüstü kompüteri var. Siz təsəvvür edin ki, 4-cü sinfi bitirən istənilən şagird artıq istədiyi kimi bir prezentasiyanı çox rahat formada, sərbəst hazırlaya bilir.
Vəfa Vəliyeva: Bilirsiniz, mən İKT mütəxəssisi, təlimçi-ekspert olduğuma görə daha geniş miqyaslı işlər görürəm. Yəni tək məktəbdəki şagirdlərlə kifayətlənmirəm. Sırf məktəbdən danışırıqsa məsələn, Zərifə Əliyeva adına orta məktəbdə dərs dediyim sinif şagirdləri ilə bizim birgə yaratdığımız bloqlar var. Xocalı, Şuşa və s bölgələrimiz haqqında. Eyni zamanda 189 nömrəli məktəbdə ötən il biz Xocalı haqqında çox böyük bir tədbir keçirmişdik. Rayon icra hakimiyyətindən də həmin tədbirdə iştirak edən şəxslər var idi. Südabə müəllimənin dediyi ki, vətənpərvərlik haqqında aşağı sinifdən başlayaraq məlumat vermək lazımdır. Lakin bu məlumatlar layihə, tədbir formasında olanda şagirdlər özləri də çox həvəsli olurlar yeni bir şey öyrənməyə.
Fuad Babayev: Siz bayaq dediniz ki, aşağı sinifdə oxuyan oğlan uşaqlardan gələcəkdə kim olmaq istədiyini soruşanda “əsgər olacam” deyir. Bəs, böyüdükcə, yuxarı siniflərə çatdıqca onların belə istəklərinin azalmasını hiss etmisiniz?
Südabə Səfixanova: Bəzən yuxarı siniflərə keçdikcə və müəllimləri dəyişdikcə şagirdlərdə bu mövzulara maraq azalır. İndi yadıma gəlmir dərs dediyim şagirdlərdən kiminsə zabit olub, yoxsa yox. Deyəsən olmayıb. Ancaq müşahidələrim onu göstərir ki, indiki zamanda vətənpərvərlik hissləri şagirdlərə daha çox aşılanır nəinki, əvvəlki illərdə.
Fuad Babayev : Mən düşünmürəm ki, vətənpərvər təkcə zabit olan insandır. Bizim cəbhədə baş verən hadisələrdən xəbərimiz olur. Ancaq bilirik ki, müharibə tək cəbhədə getmir. Bizim xəbərimiz olmur ki, gün ərzində hansı saytda, hansı forumda hansı informasiya müharibəsi gedir. Və bizim mövqeyimizi kimlər qoruyur. Bilirsiniz ki, informasiya müharibəsində qalib gəlmək üçün təkcə vətənpərvərlik hissinin güclü olması vacib deyil. Həm də debata girən şəxs hansısa dili mükəmməl bilməli, tariximiz, mədəniyyətimizdən yaxşı xəbərdar olmalıdır…
Məlihə Əsədova: İnanın, bu mövzuyla mənim yaralı yerimə toxundunuz. Baxın, niyə türklər “Vətən sağ olsun” deyəndə gözləri dolur, əllərini ürəklərinin üzərinə qoyurlar, ancaq bizdə bu yoxdu? Niyə axı? Bizdə vətən sevgisi çox azdır.
 Fuad Babayev: Siz bunu nə ilə izah edirsiniz?
Məlihə Əsədova: Mən hesab edirəm bir tədbir, bir açıq dərs, bir layihə etməklə heç nə dəyişmir. Belə tədbirləri çox etmək lazımdır. Başqa şey fikirləşmək lazımdır.
Könül Təhməzova: Mən məsələn, bacardığım qədər şagirdlərimə vətənpərvərlik hisslərini tək kitabla aşılamıram. Mütləq buna yaradıcı yanaşmaq lazımdır. Belə tədbirlər Məlihə xanımın da dediyi kimi kompleks aparılmalıdır.
Fuad Babayev: Biz bayaqdan məktəbdə şagirdə ötürülən vətənpərvərlik hisslərindən danışırıq. Amma gəlin nəzərə alaq ki, bu iş tək məktəbdə başlayıb, orada bitməli deyil. Burada məktəb, şagird, valideyn və cəmiyyət faktoru var. Və bizim hamımızın gen, qan yaddaşı var. Bizim şagirdlərimizdə, insanlarımızda vətən hissi, torpağa bağlılıq təbii ki, var. Bizim bu hissi aşılamaq istədiyimiz şəxslər azərbaycanlılardır. Ona görə də əslində özümüzünkülərə vətən haqqında danışmaq, onları bu ruhda böyütmək çətin olmalı deyil…
Vəfa Vəliyeva: Mənim babam türkdür, izmirlidir. 18 yaşında qardaşım əsgər getmək istəyəndə anam dedi ki, yox getməsin, qorxuram. Çünki bir az çətin vaxtlar idi. 1997-98-ci illər idi. Ata babam Nuru Paşanın əsgəri olub. Ona görə sizinlə razıyam ki, qan yaddaşı, torpaq yaddaşı deyilən şey, həqiqətən də var.
Yəni bəlkə də o vuruşma istəyi, vətən sevgisi mənim qardaşıma elə babamdan keçib. Qardaşıma vətənpərvərlik hissi məktəbdə aşılanmayıb, qandan gəlib. Elə atam özü də. Son dəqiqələrə kimi Füzulinin işğal vaxtı rayondan çıxmayıb ki, mən yerimi-yurdumu düşmən tapdağı altında qoyub gedə bilmərəm.
Südabə Səfixanova: Biz məktəbdə olanda bizə hərbi dərslər keçirildi. Və biz avtomatı bir neçə saniyədə yığıb-sökməli idik. Sizdə də bu dərslər var idi yəqin…
Fuad Babayev: Bəli, əlbəttə.
Südabə Səfixanova: Amma bu gün məktəblərdə hərbi dərslər yoxdur.
Vəfa Vəliyeva: Bizim məktəbdə var.
Südabə Səfixanova: Var, ancaq çox az məktəblərdə bu dərslər ciddi tədris edilir. Bizim dövrümüzdə  tir atmağa gedirdik. Partizan kimi yeridirdilər bizi. Bayaq siz sual verdiniz ki, yuxarı siniflərə çatdıqca şagirdlərimizdə vətənpərvərlik hissləri artırmı, azalırmı? Əlbəttə, hərbi dərslərin tədrisi yuxarı siniflərdə də olsa şagirddə də bu hisslər güclənər. Bu günün əsgəri əlində avtomat tuta bilməyən bir uşaqdır. Məktəbdən öyrənməli olduğu şeyləri oğlanlarımız gedib əsgərlikdə öyrənirlər.
Fuad Babayev: Gəlin, bir az da dərsliklərimizdən danışaq. Bu gün bizim orta məktəb üçün nəzərdə tutulmuş dərsliklərimiz müəllimlərimizə bu işdə kömək edirmi?
Vəfa Vəliyeva: Qətiyyən. Təəssüf ki, dərsliklərin bu gün bizə heç bir köməyi dəymir. Sırf vətənpərvərlik mövzusundan gedirsə söhbət. Mənim qızım tarix fakültəsində təhsil alır. O deyir ki, tarix dəsrliklərimizdə üst-üstə düşməyən məqamlar həddindən artıq çoxluq təşkil edir. Dərsliklərimizdə diqqətli olmalıyıq. Bizim dərsliklər müharibə şəraiti yaşayan ölkə üçün nəzərdə tutulmayıb.
Könül Təhməzova: Kömək olmur. Amma müəllimdən müəllimə fərq var. Elə müəllim var ki, təkcə dərsliklə kifayətlənmir. Amma belə müəllimlərin sayı çox azdır. Bilirsiniz, əgər stimul yoxdusa, dəstək yoxdursa o zaman heç bir yaradıcı işdən söhbət belə gedə bilməz. Amma elə müəllim də var ki, stimul olmasa belə öz işinə can yandırır.
Məsələn, mənim oğlum Südabə müəllimənin sinfində oxuyur. Hər gün evə gələndə dərslikdən əlavə, baxıram başqa nə isə yeni bir şey öyrənməyə çalışır. Yəni müəllimdən təbii ki, çox şey asılıdır.
Məlihə Əsədova: Niyə konfranslar, seminarlar ancaq böyüklər üçün nəzərdə tutulur? Niyə bizim məktəblilərimiz üçün belə dəyirmi masalar, seminarlar təşkil edilmir? Bizdə elə tədbir var ki, orada şagirdlər iştirak etməlidir, ancaq böyüklər dəvət edilir.
Vəfa Vəliyeva: Məsələn, bu qış biz İsmayıllıda dekabrdan marta kimi “Vikipediyada Qarabağ həqiqətlərini dünyaya çatdırmaq” adı altında bir layihə işlədik. Mən də o layihənin eksperti idim. Biz bilirik ki, heç də həmişə vikipediyada yazılanlar həqiqət olmur. Və biz o layihə çərçivəsində  İsmayıllının kənd məktəbləri də daxil olmaqla orada təhsil alan şagirdləri çağırdıq rayon mərkəzinə. Həmin o məktəblilərlə biz, vikipediyada gördüyümüz səhvləri necə düzəldə bilərik və s. bu kimi suallara cavab tapdıq.  Layihə 4 ay davam etdi. Nəticələr isə qənaətbəxş idi. Şagirdlər bu mövzuda hər gün yeni informasiyalar öyrənib gəlirdilər. Layihə Təhsil Nazirliyinin xətti ilə keçirildi. Mən yaxın gələcəkdə buna bənzər layihəni bizim sərhəd rayonlarımızda da etmək istəyirəm.
 Fuad Babayev: Belə layihələrin keçirilməsi təqdirəlayiqdir əlbəttə.  Amma gəlin etiraf edək ki, bu layihə və tədbirlərdən çox-çox uzaq qalan şagirdlərimiz də var…
Könül Təhməzova: Məncə, şagirdlər özləri də fəal olmalıdırlar. Çünki tək müəllimin təşkil etdiyi layihə ilə siz dediyiniz kimi hər şeyə nail olmaq mümkün deyil.
Məlihə Əsədova: Mən də belə düşünürəm ki, şagirdlərimizdən də təkliflər gəlməlidir. Onlar özləri beynəlxalq tədbirlərə qoşulmalıdırlar.
Südabə Səfixanova: Bayaq siz dediniz ki, vətənpərvər insan təkcə zabit, əsgər deyil. Tamamilə razıyam bu fikirlə. Məsələn, Tünzalə Ağayeva daim vətənpərvərlik haqqında mahnılar ifa edir. Və çox da gözəl qarşılanır. İnsanların yaddaşına həkk olunur. Mənim hansısa şagirdim gedib vətənpərvərlik haqqında şeir oxumayacaq, amma müğənninin ifasında bunu eşidəndə yadında qalacaq. Bizim ən böyük bəlamız kitab oxumağı sevməməyimizdədir. Bu təbliğ edilmir. Dünən televizorda bir sosial çarx gördüm. Türklər çəkmişdi. Bütün məşhurlar kitab oxuyurlar. Biri digərinə sual verir ki, nə edirsən? Deyir, kitab oxuyuram. Və onların fanatları həmin sosial çarxa baxanda düşünür ki, görəsən mənim sevdiyim ifaçı belə maraqlı hansı kitabı oxuyur? Gedim mən də oxuyum. Belə çarxlar çəkmək, mütaliəni təbliğ etmək lazımdır.
Məlihə Əsədova: Hər məkbətdə psixoloq ştatı var. Amma heç görmüsünüz ki, o psixoloq bir şagirdi çağırsın onunla fərdi formada söhbət etsin, onun problemini dinləsin? Yox. Ona görə də bəzən biz şagirdlərimizin nə istədiyindən, şikayətlərindən də xəbərsiz qalırıq.
Könül Təhməzova: Çünki stimul yoxdur. Biz ilin bütün aylarını işləyirik. Yay gələndə dincəlmək əvəzinə düşünürük ki, görəsən gedim hansı rayonda təlim keçim. Hansı məktəbdə əlavə seminarlar deyim və s.
Fuad Babayev: Və sonda təklifləriniz…
Südabə Səfixanova: Vətənpərvərlik ruhunda çəkilən kliplərimizin sayı yox dərəcəsindədir. Film çəkilməlidir. Bizim müharibə haqqında çəkilmiş hansı filmlərimiz var? deyəndə mənim yadıma ancaq “Fəryad” filmi düşür.  Bu istiqamətdə nə isə dəyişmək lazımdır. Maddi rifah da  yüksəlməlidir ki, müəllimdə də stimul olsun.
Vəfa Vəliyeva: Hər məktəbdə fəal müəllimlər olur. Məncə, hər məktəbdə açıq qapı günləri olmalıdır. Ayda bir dəfə. Və həmin günlər vətənpərvərlik mövzusunda bir mövzu müzakirə edilməlidir. Tədbiri də həmin məktəbin müəllim və şagird heyəti hazırlamalıdır. Yavaş-yavaş belə “açıq qapı” layihələri kimi layihələrlə biz irəliləyişə nail ola bilərik. Ancaq bu layihə sistemli olsun. Bilinsin ki, məsələn ayın 1-i bu məktəbdə “açıq qapı” günü keçiriləcək.
Fuad Babayev: Minnətdaram hər birinizə, işlərinizdə uğurlar!
 Hazırladı: Aynur Hüseynova
1905.az

6 Eylül 2014 Cumartesi

1905.az portalı

1905.az portalının suallarını Bülbül adına orta ixtisas musiqi məktəbinin ibtidai sinif müəlliməsi, təlimçi-ekspert Könül Təhməzova cavablandırır.
 – Könül xanım, orta statistik orta məktəb şagirdimizin Qarabağ bilgiləri “zənbil”inin içindəkilər haqqında nə demək olar?
 - Əslində bu gün şagirdlərimizin Qarabağ, Ermənistanın təcavüzü haqqında bilgiləri o qədər də geniş deyil. Hətta deyərdim ki, çox zəifdir. Ola bilsin ki, bu, məlumatların az olması ilə bağlıdır. Orta məktəb şagirdlərimizin vətənpərvər ruhda tərbiyə alması üçün müəllimlərin üzərinə böyük yük düşür. Bilirsiniz ki, dərs dediyim məktəbdə əsas istiqamət musiqi təhsili ilə bağlıdır. Məktəbimizdə valideynləri, qohumları və ya dostları işğal altında olan bölgələrimizdən olan şagirdlərimiz də  təhsil alır. Belə şagirdlərimizdə vətənpərvərlik hissi daha güclü hiss edilir. Bunun da səbəbi yəqin ki, evdən, ailədən, torpaqdan gəlir. Müasir dövrdə şagirdlər yalnız tarix kitablarından bu haqda bilgi almaqla kifayətlənməməlidirlər. Vətənin tarixini öyrənmək üçün nə dərslikdəki məlumatı, nə də yaş dövrünü gözləmək lazım deyil.
 – Biz şagirdlərimizdə vətənpərvərlik ruhunun zəif olmasından danışırıq. Amma həmişə eşidirik ki, vətənpərvərlik hissləri aşağı siniflərdən, məktəbdən başlamalıdır. Kitablarımız bizim Dağlıq Qarabağ düyünü haqqında şagirdlərimizə yetərincə məlumat verə bilir?
 – Təəssüf ki, yetərincə məlumat verə bilmir. Məncə, fəndən asılı olmayaraq tariximiz haqqında qısa məlumata hər kitabda rast gəlməliyik. Fərqi yoxdur, bu riyaziyyat, yoxsa tarix kitabıdır. Ümumiyyətlə, tarix haqqında bəzi məlumatlar, şagirdlərin stolüstü kitabına, ensiklopediyasına çevrilməlidir. Nəzərə almaq lazımdır ki, hər uşağın materialı mənimsəmə qabiliyyəti eyni deyil. Oxumadan başqa mənbələrdən informasiya əldə etməklə də vətənpərvər olmaq olar.
 – Bu bilikləri belə demək mümkünsə kəmiyyət və keyfiyyət baxımından artırmaq üçün nə etməliyik? Şagirdlərin tariximizi doğru-düzgün bilməsi üçün müəllimlərin üzərinə hansı vəzifə düşür?
 – İlk növbədə müəllim tədris etdiyi fənnə yaradıcı yanaşmalıdır. Müəllim düşünməli deyil ki, gedim dərsimi deyim, çıxım gəlim evə. Məsələn, bizim dərsliklərin birində “Dəyərlərimiz” adlı bir mövzu var. Bu mövzunu  uşağa izah etmək üçün həm də əyani vəsaitlər lazımdı. Mən 2-ci sinif şagirdinə “Sona xalanın xalçası” ifadəsini danışmaqla izah edə bilmədim. Sonra “Xalçaçılıq muzeyi”nə ekskursiyaya getdik. Uşaqlar o xalçanı  görəndə başa düşdülər ki, bax, dəyər həm də xalçadır. Yəni, müəllim təkcə kitabla uşağa məlumat aşılamalı deyil.
Bir dəfə sırf özümün təşəbbüsümlə məktəbdə dərs dediyim siniflə açıq dərs etməyi qərarlaşdırdım. Təhsil İnstitutundan də bir neçə nəfər açıq dərsdə iştirak edirdi. Orada “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda bir dərsimiz var idi. Və mən açıq dərsdə yeni metodlara uyğun olaraq, şagirdləri komandalara bölüb, hərəsinə bir komanda işi tapşırmışdım. Komandaların adı “Qarabağ”, “Şuşa” və s. idi. Açıq dərs komandaların işlərinin təhvil verməsi ilə yekunlaşırdı  ki, həmin sinifdə ən zəif şagirdim, “Müəllimə, mənim komanda işinə bir əlavəm var” dedi.
Düzü, onun hansı əlavəsi ola bilər düşündüm. O dedi ki, mən Qarabağ şikəstəsini ifa etməklə komandamızın  işini yekunlaşdırmaq istəyirəm. Zalda hər kəs sözün yaxşı mənasında təəccüblənmişdi. Çünki 2-ci sinif şagirdinin Qarabağ şikəstəsi ifa etməsini heç kim gözləmirdi. O ifa etdi və çox gözəl də qarşılandı. Alqışlar susmaq bilmirdi. Mən hiss elədim ki, həmin şagird ona göstərilən rəğbət hissindən hədsiz dərəcədə həvəsləndi.
Demək istədiyim odur ki, uşaqların istəyinə mane olmaq lazım deyil. Və nə isə öyrətmək üçün uşaqların kitab oxuaması ilə kifayətlənməli deyilik, həm də layihələr, eksursiyalar təşkil edilməlidir.
 – Bəs, uşaqlar özləri həvəsli olurlar bu kimi məlumatları öyrənməyə ?
 – Bəli, onların özləri üçün də çox maraqlı olur. Əksər vaxtlar hər hansı layihə təşəbbüsü elə şagirdin özündən gəlir.
 – Biz, məsələn, Xocalı soyqırımını Xocalının işğal günü, 20 Yanvar şəhidlərini məhz 20 Yanvarda anmağa öyrəşmişik. Yəni ildə bir dəfə. Sizcə, şagirdlərin yadına ancaq bu tarixlərdə həqiqətləri yada salmaqda yanılmırıq?
 – Məncə, yanılırıq. Tariximizi təkcə hadisə olan günlərlə xatırlamalı deyil. Düşünürəm ki, həm də burada adət etdiyimiz vərdişlərdən uzaq olmalıyıq. Məsələn, soyqırım və ya hər hansı bölgəmizin işğal edilmə günü hansı sinfə daxil olursan hüznlü şeirlər deyilir, hüznlü mahnılar səslənir, qərənfillər görünür və hətta şagirdlər də qara lent bağlayırlar. Bu televiziyada da, idarələrimizdə də belədir. Biz soyqırım həqiqətlərini göz yaşı ilə yaşatmalı deyilik. Biz adət etmişik ki, Qarabağ, Xocalı deyəndə gözlərimiz dolmalıdır.  Bununla biz şagirdlərimizə heç nə öyrətmirik.
 – Müəllimin hazırlıq səviyyəsi, peşəkarlığı və dərsliklərin keyfiyyətlilik dərəcəsi, valideynlərin nəzarəti, dəstəyi və cəmiyyət. Bu amillərin optimal tənasübünə nə zaman nail ola biləcəyik ?Ümumiyyətlə , bu mümkündürmü?
 – Bilirsiniz, elə müəllimlərimiz var ki,  ümumiyyətlə, öz üzərində işləmək, yeni bir şey öyrənmək istəmirlər. Elə deyirlər ki, mən bu fənni bilirəm, mən yaxşı pedaqoqam. Müəllimlərin üzərinə böyük yük düşür, müəllim həm də çox məsuliyyətli olmalıdır.  Çünki şagirdlər müəllimlərə baxıb nə isə öyrənirlər. Müəllimlərin hazırlıq səviyyəsinin gücləndirilməsi üçün Təhsil Nazirliyi və digər təşkilatların təşkil etdikləri təlimlər, təhsil mövzusunda keçirilən ictimai, siyasi, mədəni, kütləvi treninqlər və seminarlar bu gün müəllimlərin ixtisas artımı sahəsində mühüm rol oynayır.
 K.Uşinskiyə görə, hərtərəfli insan tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır. Uşağı hərtərəfli öyrənmək həm müəllimin,həm də valideynin borcudur. Valideynlərlə əməkdaşlıq, valideynlərlə iş müəllimin fəaliyyətində xüsusi yer tutmalıdır. Müəllimin hazırlıq səviyyəsi, peşəkarlığı və dərsliklərin keyfiyyətlilik dərəcəsi, valideynlərin nəzarəti,dəstəyi və cəmiyyət. Məncə, artıq bu tənasübə nail olmaq astanasındayıq desək yanılmarıq.
 – 1905.az saytına tövsiyyələriniz…
 – 1905.az portalına davamlı, bol–bol oxucu arzulayıram. Çox maraqlı və aktual mövzuda olan söhbətdən məmnunluq hissi duyuram.
 Fuad Babayev, Aynur Hüseynova
1905.az