16 Eylül 2014 Salı

Orta statistik məktəb müəllimimiz vətənpərvərlik dərsini necə keçir?


Orta statistik məktəb müəllimimiz vətənpərvərlik dərsini necə keçir?


DSC07966 Orta statistik məktəb müəllimimiz vətənpərvərlik dərsini necə keçir?
Bu dəfə 1905.az saytının dəyirmi masası ətrafında orta məktəb müəllimlərimiz toplaşmışdılar. Bülbül adına orta ixtisas musiqi məktəbinin ibtidai sinif müəlliməsi Könül Təhməzova, Zərifə Əliyeva adına və 189 saylı  orta məktəbin informatika müəlliməsi, təlimçi-ekspert Vəfa Vəliyeva, 132-134 nömrəli orta məktəbin ibtidai sinif müəlliməsi Südabə Səfixanova və 111 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi, təlimçi Məlihə Əsədova ilə müzakirələr apardıq.
Fuad Babayev: Xoş gəlmisiniz!
Bu, 1905.az portalının təhsilə həsr etdiyi ikinci dəyirmi masadır. Bundan əvvəlki dəyirmi masada isə biz yüksək balla universitetə qəbul olan abituriyentlərlə söhbət etmişdik. 
Bu gün sizləri burada görmək çox sevindiricidir. Tələbə adını qazanmış gənclərimizin bizim vətənpərvərlik barədə fikirlərini öyrənmişdik.
Bu gün isə şagirdlərimizə vətənpərvərlik hislərinin aşılanmasında müəllimlərimizin rolunu araşdırmaq istəyirik.
Təbii ki, orta məktəb, xüsusən aşağı sinif şagirdinə vətənpərvərlik hisslərini aşılamaq asan deyil. Ona tarixi kitablar oxutdurmaq, qəliz mövzularda biliklərini zənginləşdirməsini tələb etmək çətindir. Ancaq bu informasiyaları sadə dillə çatdırmaq siz müəllimlərin əlindədir. Sualım belədir: Bu gün orta statitik orta məktəb müəllimimiz Ermənistanın Azərbaycana təcavüzü, məruz qaldığımız soyqırımlar, faciələrimiz, yadda saxlamalı olduğumuz həqiqətləri rüşeym halında olsa belə şagirdlərə çatdıra bilirmi?
Südabə Səfixanova: İbtidai sinif müəlliməsi kimi deyə bilərəm ki, aşağı siniflərdə əksər oğlan uşaqları deyir ki, mən böyüyəndə əsgər olmaq istəyirəm. Soruşuram ki, niyə? Deyir torpaqlarımızı azad edəcəm, düşməni öldürəcəm. Deməli, o uşaq erməninin düşmən, torpaqlarımızın isə işğal altında olması barədə az da olsa məlumatlıdır. Çox yaxşı ki, kurikulum sisteminə keçəndən sonra şagirdlər məktəbdə təkcə deyiləni yazılı formada yox, həm də əyani şəkildə görürlər. Məsələn, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində biz bu barədə məlumatı şagirdə təkcə kitabla yox, həm də monitorlarda müəyyən filmlər, videolar göstərməklə izah edirik. Yəni bəlkə də heç uşaq bilmir ki, əsgər kimdi, nə iş görür, amma müəllimənin verdiyi  bilgi,  xronika onun beynində həkk olunur.
Məsələn, mən çox çalışıram ki, uşaqlara  siz dediyiniz kimi vətənpərvərlik hisslərinin ilk rüşeymlərini çatdıra bilim. Məncə, belə müəllimlərimiz az deyil. Bir dəfə (Könül müəllimə də təsdiq edə bilər) uşaqlarla belə bir layihə hazırlamışdıq. Onlara tapşırmışdım ki, təsəvvür edin ki, Avroviziya yarışmasıdır. Qonaqlar gəlib. Uşaqları böldük qruplara. Bəziləri turist oldu, bəziləri yerli sakin. Yerli sakinlər turistlərə öz qonaqpərvərliklərini göstərməli idilər. Mən onlara Ağdam, Şuşa, Gəncə və s bölgələrimiz barədə məlumat toplamağı tapşırdım. Oyunun qaydalarına görə bir turist Şəki haqqında nə isə öyrənmək istəyirsə Şəki haqqında məlumat hazırlayan yerli sakin həmin turistə bölgəmiz  barədə məlumat verir. İnanın, şagirdlərin belə oyun və layihələrə həvəsləri çox böyük olur. Və onlar belə oyunlarda daha çox məlumat öyrənirlər. Bu gün çox yaxşı ki, məktəblərdə hər şagirdin özünün masaüstü kompüteri var. Siz təsəvvür edin ki, 4-cü sinfi bitirən istənilən şagird artıq istədiyi kimi bir prezentasiyanı çox rahat formada, sərbəst hazırlaya bilir.
Vəfa Vəliyeva: Bilirsiniz, mən İKT mütəxəssisi, təlimçi-ekspert olduğuma görə daha geniş miqyaslı işlər görürəm. Yəni tək məktəbdəki şagirdlərlə kifayətlənmirəm. Sırf məktəbdən danışırıqsa məsələn, Zərifə Əliyeva adına orta məktəbdə dərs dediyim sinif şagirdləri ilə bizim birgə yaratdığımız bloqlar var. Xocalı, Şuşa və s bölgələrimiz haqqında. Eyni zamanda 189 nömrəli məktəbdə ötən il biz Xocalı haqqında çox böyük bir tədbir keçirmişdik. Rayon icra hakimiyyətindən də həmin tədbirdə iştirak edən şəxslər var idi. Südabə müəllimənin dediyi ki, vətənpərvərlik haqqında aşağı sinifdən başlayaraq məlumat vermək lazımdır. Lakin bu məlumatlar layihə, tədbir formasında olanda şagirdlər özləri də çox həvəsli olurlar yeni bir şey öyrənməyə.
Fuad Babayev: Siz bayaq dediniz ki, aşağı sinifdə oxuyan oğlan uşaqlardan gələcəkdə kim olmaq istədiyini soruşanda “əsgər olacam” deyir. Bəs, böyüdükcə, yuxarı siniflərə çatdıqca onların belə istəklərinin azalmasını hiss etmisiniz?
Südabə Səfixanova: Bəzən yuxarı siniflərə keçdikcə və müəllimləri dəyişdikcə şagirdlərdə bu mövzulara maraq azalır. İndi yadıma gəlmir dərs dediyim şagirdlərdən kiminsə zabit olub, yoxsa yox. Deyəsən olmayıb. Ancaq müşahidələrim onu göstərir ki, indiki zamanda vətənpərvərlik hissləri şagirdlərə daha çox aşılanır nəinki, əvvəlki illərdə.
Fuad Babayev : Mən düşünmürəm ki, vətənpərvər təkcə zabit olan insandır. Bizim cəbhədə baş verən hadisələrdən xəbərimiz olur. Ancaq bilirik ki, müharibə tək cəbhədə getmir. Bizim xəbərimiz olmur ki, gün ərzində hansı saytda, hansı forumda hansı informasiya müharibəsi gedir. Və bizim mövqeyimizi kimlər qoruyur. Bilirsiniz ki, informasiya müharibəsində qalib gəlmək üçün təkcə vətənpərvərlik hissinin güclü olması vacib deyil. Həm də debata girən şəxs hansısa dili mükəmməl bilməli, tariximiz, mədəniyyətimizdən yaxşı xəbərdar olmalıdır…
Məlihə Əsədova: İnanın, bu mövzuyla mənim yaralı yerimə toxundunuz. Baxın, niyə türklər “Vətən sağ olsun” deyəndə gözləri dolur, əllərini ürəklərinin üzərinə qoyurlar, ancaq bizdə bu yoxdu? Niyə axı? Bizdə vətən sevgisi çox azdır.
 Fuad Babayev: Siz bunu nə ilə izah edirsiniz?
Məlihə Əsədova: Mən hesab edirəm bir tədbir, bir açıq dərs, bir layihə etməklə heç nə dəyişmir. Belə tədbirləri çox etmək lazımdır. Başqa şey fikirləşmək lazımdır.
Könül Təhməzova: Mən məsələn, bacardığım qədər şagirdlərimə vətənpərvərlik hisslərini tək kitabla aşılamıram. Mütləq buna yaradıcı yanaşmaq lazımdır. Belə tədbirlər Məlihə xanımın da dediyi kimi kompleks aparılmalıdır.
Fuad Babayev: Biz bayaqdan məktəbdə şagirdə ötürülən vətənpərvərlik hisslərindən danışırıq. Amma gəlin nəzərə alaq ki, bu iş tək məktəbdə başlayıb, orada bitməli deyil. Burada məktəb, şagird, valideyn və cəmiyyət faktoru var. Və bizim hamımızın gen, qan yaddaşı var. Bizim şagirdlərimizdə, insanlarımızda vətən hissi, torpağa bağlılıq təbii ki, var. Bizim bu hissi aşılamaq istədiyimiz şəxslər azərbaycanlılardır. Ona görə də əslində özümüzünkülərə vətən haqqında danışmaq, onları bu ruhda böyütmək çətin olmalı deyil…
Vəfa Vəliyeva: Mənim babam türkdür, izmirlidir. 18 yaşında qardaşım əsgər getmək istəyəndə anam dedi ki, yox getməsin, qorxuram. Çünki bir az çətin vaxtlar idi. 1997-98-ci illər idi. Ata babam Nuru Paşanın əsgəri olub. Ona görə sizinlə razıyam ki, qan yaddaşı, torpaq yaddaşı deyilən şey, həqiqətən də var.
Yəni bəlkə də o vuruşma istəyi, vətən sevgisi mənim qardaşıma elə babamdan keçib. Qardaşıma vətənpərvərlik hissi məktəbdə aşılanmayıb, qandan gəlib. Elə atam özü də. Son dəqiqələrə kimi Füzulinin işğal vaxtı rayondan çıxmayıb ki, mən yerimi-yurdumu düşmən tapdağı altında qoyub gedə bilmərəm.
Südabə Səfixanova: Biz məktəbdə olanda bizə hərbi dərslər keçirildi. Və biz avtomatı bir neçə saniyədə yığıb-sökməli idik. Sizdə də bu dərslər var idi yəqin…
Fuad Babayev: Bəli, əlbəttə.
Südabə Səfixanova: Amma bu gün məktəblərdə hərbi dərslər yoxdur.
Vəfa Vəliyeva: Bizim məktəbdə var.
Südabə Səfixanova: Var, ancaq çox az məktəblərdə bu dərslər ciddi tədris edilir. Bizim dövrümüzdə  tir atmağa gedirdik. Partizan kimi yeridirdilər bizi. Bayaq siz sual verdiniz ki, yuxarı siniflərə çatdıqca şagirdlərimizdə vətənpərvərlik hissləri artırmı, azalırmı? Əlbəttə, hərbi dərslərin tədrisi yuxarı siniflərdə də olsa şagirddə də bu hisslər güclənər. Bu günün əsgəri əlində avtomat tuta bilməyən bir uşaqdır. Məktəbdən öyrənməli olduğu şeyləri oğlanlarımız gedib əsgərlikdə öyrənirlər.
Fuad Babayev: Gəlin, bir az da dərsliklərimizdən danışaq. Bu gün bizim orta məktəb üçün nəzərdə tutulmuş dərsliklərimiz müəllimlərimizə bu işdə kömək edirmi?
Vəfa Vəliyeva: Qətiyyən. Təəssüf ki, dərsliklərin bu gün bizə heç bir köməyi dəymir. Sırf vətənpərvərlik mövzusundan gedirsə söhbət. Mənim qızım tarix fakültəsində təhsil alır. O deyir ki, tarix dəsrliklərimizdə üst-üstə düşməyən məqamlar həddindən artıq çoxluq təşkil edir. Dərsliklərimizdə diqqətli olmalıyıq. Bizim dərsliklər müharibə şəraiti yaşayan ölkə üçün nəzərdə tutulmayıb.
Könül Təhməzova: Kömək olmur. Amma müəllimdən müəllimə fərq var. Elə müəllim var ki, təkcə dərsliklə kifayətlənmir. Amma belə müəllimlərin sayı çox azdır. Bilirsiniz, əgər stimul yoxdusa, dəstək yoxdursa o zaman heç bir yaradıcı işdən söhbət belə gedə bilməz. Amma elə müəllim də var ki, stimul olmasa belə öz işinə can yandırır.
Məsələn, mənim oğlum Südabə müəllimənin sinfində oxuyur. Hər gün evə gələndə dərslikdən əlavə, baxıram başqa nə isə yeni bir şey öyrənməyə çalışır. Yəni müəllimdən təbii ki, çox şey asılıdır.
Məlihə Əsədova: Niyə konfranslar, seminarlar ancaq böyüklər üçün nəzərdə tutulur? Niyə bizim məktəblilərimiz üçün belə dəyirmi masalar, seminarlar təşkil edilmir? Bizdə elə tədbir var ki, orada şagirdlər iştirak etməlidir, ancaq böyüklər dəvət edilir.
Vəfa Vəliyeva: Məsələn, bu qış biz İsmayıllıda dekabrdan marta kimi “Vikipediyada Qarabağ həqiqətlərini dünyaya çatdırmaq” adı altında bir layihə işlədik. Mən də o layihənin eksperti idim. Biz bilirik ki, heç də həmişə vikipediyada yazılanlar həqiqət olmur. Və biz o layihə çərçivəsində  İsmayıllının kənd məktəbləri də daxil olmaqla orada təhsil alan şagirdləri çağırdıq rayon mərkəzinə. Həmin o məktəblilərlə biz, vikipediyada gördüyümüz səhvləri necə düzəldə bilərik və s. bu kimi suallara cavab tapdıq.  Layihə 4 ay davam etdi. Nəticələr isə qənaətbəxş idi. Şagirdlər bu mövzuda hər gün yeni informasiyalar öyrənib gəlirdilər. Layihə Təhsil Nazirliyinin xətti ilə keçirildi. Mən yaxın gələcəkdə buna bənzər layihəni bizim sərhəd rayonlarımızda da etmək istəyirəm.
 Fuad Babayev: Belə layihələrin keçirilməsi təqdirəlayiqdir əlbəttə.  Amma gəlin etiraf edək ki, bu layihə və tədbirlərdən çox-çox uzaq qalan şagirdlərimiz də var…
Könül Təhməzova: Məncə, şagirdlər özləri də fəal olmalıdırlar. Çünki tək müəllimin təşkil etdiyi layihə ilə siz dediyiniz kimi hər şeyə nail olmaq mümkün deyil.
Məlihə Əsədova: Mən də belə düşünürəm ki, şagirdlərimizdən də təkliflər gəlməlidir. Onlar özləri beynəlxalq tədbirlərə qoşulmalıdırlar.
Südabə Səfixanova: Bayaq siz dediniz ki, vətənpərvər insan təkcə zabit, əsgər deyil. Tamamilə razıyam bu fikirlə. Məsələn, Tünzalə Ağayeva daim vətənpərvərlik haqqında mahnılar ifa edir. Və çox da gözəl qarşılanır. İnsanların yaddaşına həkk olunur. Mənim hansısa şagirdim gedib vətənpərvərlik haqqında şeir oxumayacaq, amma müğənninin ifasında bunu eşidəndə yadında qalacaq. Bizim ən böyük bəlamız kitab oxumağı sevməməyimizdədir. Bu təbliğ edilmir. Dünən televizorda bir sosial çarx gördüm. Türklər çəkmişdi. Bütün məşhurlar kitab oxuyurlar. Biri digərinə sual verir ki, nə edirsən? Deyir, kitab oxuyuram. Və onların fanatları həmin sosial çarxa baxanda düşünür ki, görəsən mənim sevdiyim ifaçı belə maraqlı hansı kitabı oxuyur? Gedim mən də oxuyum. Belə çarxlar çəkmək, mütaliəni təbliğ etmək lazımdır.
Məlihə Əsədova: Hər məkbətdə psixoloq ştatı var. Amma heç görmüsünüz ki, o psixoloq bir şagirdi çağırsın onunla fərdi formada söhbət etsin, onun problemini dinləsin? Yox. Ona görə də bəzən biz şagirdlərimizin nə istədiyindən, şikayətlərindən də xəbərsiz qalırıq.
Könül Təhməzova: Çünki stimul yoxdur. Biz ilin bütün aylarını işləyirik. Yay gələndə dincəlmək əvəzinə düşünürük ki, görəsən gedim hansı rayonda təlim keçim. Hansı məktəbdə əlavə seminarlar deyim və s.
Fuad Babayev: Və sonda təklifləriniz…
Südabə Səfixanova: Vətənpərvərlik ruhunda çəkilən kliplərimizin sayı yox dərəcəsindədir. Film çəkilməlidir. Bizim müharibə haqqında çəkilmiş hansı filmlərimiz var? deyəndə mənim yadıma ancaq “Fəryad” filmi düşür.  Bu istiqamətdə nə isə dəyişmək lazımdır. Maddi rifah da  yüksəlməlidir ki, müəllimdə də stimul olsun.
Vəfa Vəliyeva: Hər məktəbdə fəal müəllimlər olur. Məncə, hər məktəbdə açıq qapı günləri olmalıdır. Ayda bir dəfə. Və həmin günlər vətənpərvərlik mövzusunda bir mövzu müzakirə edilməlidir. Tədbiri də həmin məktəbin müəllim və şagird heyəti hazırlamalıdır. Yavaş-yavaş belə “açıq qapı” layihələri kimi layihələrlə biz irəliləyişə nail ola bilərik. Ancaq bu layihə sistemli olsun. Bilinsin ki, məsələn ayın 1-i bu məktəbdə “açıq qapı” günü keçiriləcək.
Fuad Babayev: Minnətdaram hər birinizə, işlərinizdə uğurlar!
 Hazırladı: Aynur Hüseynova
1905.az

Hiç yorum yok:

Yorum Gönder