Qazaxıstan Respublikasının təhsil və elm naziri beynəlxalq elmi-praktik konfransın iştirakçılarına təbrik məktubu göndərib
Dekabrın 5-də Bakıda "Avropa" otelində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda ikigünlük beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Latviyadan olan tanınmış alimlərin iştirak etdikləri konfransı TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq Azərbaycan təhsil sistemində aparılan islahatlardan, təhsilimizin inkişafı və dünya təhsil sisteminə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. Q.Novruzov qeyd edib ki, Azərbaycanda təhsil sahəsinə böyük dövlət qayğısı vardır. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən dövlət proqramları, əsası 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları çərçivəsində təhsilin məzmunu, onun optimal idarəetmə sisteminin yaradılması istiqamətində ciddi addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ötən il oktyabrın 24-də təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda yaxın gələcəkdə islahatların əsas strateji istiqamətlərinin öz əksini tapdığını deyən Q.Novruzov bu mühüm sənəddən irəli gələn vəzifələrin birinin yüksək mənəvi-əxlaqi dəyərlərə malik gənc nəslin yetişdirilməsi olduğunu diqqətə çatdırıb. Q.Novruzov bildirib ki, konfransın keçirilməsində məqsəd də təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir meyillər, qabaqcıl təcrübənin mübadiləsi və Azərbaycan təhsilinə inteqrasiyasıdır.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları Təhsil Nazirliyinin rəhbərliyi adından salamlayıb və konfransın mövzusunun cəmiyyətimiz üçün çox aktual və əhəmiyyətli məsələyə həsr olunduğunu bildirib: "Bu gün hər bir ölkənin qarşısında çox mühüm vəzifə durur. Biz çox mürəkkəb, yeni, qlobal çağırışlar dövründə yaşayırıq. Belə bir dövrdə bilikli, yüksək dünyagörüşə malik, həm də mənəvi cəhətdən sağlam gəncləri formalaşdırmaq ən mürəkkəb vəzifələrdən biridir".
Sovet dönəmində təhsil sistemində avtoritar pedaqogikaya üstünlük verildiyini söyləyən nazir müavini o vaxt buna alternativ sistemin yaradılmasına cəhdlər olunduğunu, yaranan yeni sistemlərdən birinə humanist pedaqogika deyildiyini diqqətə çatdırıb. Bildirib ki, bu sistemin özünəməxsus nəzəriyyəsi və təcrübəsi var idi. Çox şadam ki, humanist pedaqogikanın əsaslarını qoyanlardan biri olan Şalva Amonaşvili bu tədbirdə iştirak edir. Nə qədər çətin olsa da o, sovet ideologiyası şəraitində özündə güc taparaq və heç nədən qorxmayaraq yeni humanist pedaqogikanın əsaslarını yaratmağa müvəffəq olub.
Nazir müavini belə bir məqamı diqqətə çatdırıb ki, çox vaxt məktəb direktorları tədrisin komponentlərindən söhbət açır, lakin tərbiyə məsələlərinə o qədər də diqqət yetirilmir.
Ölkəmizdə təhsil sisteminin qarşısında duran ən vacib məsələlərdən birinin təhsilalanların özlərini şəxsiyyət kimi göstərə bilməsinə şərait yaratmaq olduğuna diqqət çəkən nazir müavini yeni texnologiyalar vasitəsi ilə mənəviyyat məkanımıza daxil olan Qərb mədəniyyətinin mənfi cəhətlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb, bu işdə təhsil sisteminin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib.
Daha sonra konfransda çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ADPU-nun professoru Fərrux Rüstəmov, BDU-nun professoru Hikmət Əlizadə, Dağıstan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Cəfər Mallayev, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, professor Şalva Amonaşvili cəmiyyətin inkişafında təhsilin rolundan, təhsildə mənəvi-əxlaqi dəyərlərin əhəmiyyətindən söz açıblar.
Konfransda 200-dən çox gənc alim və mütəxəssis, tanınmış ziyalıların pedaqogikada humanist yanaşmanın bir çox müasir aspektlərini əhatə edən məruzələri toplu şəklində çap olunaraq iştirakçılara paylanılıb. "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda beynəlxalq elmi konfrans öz işini bölmələrdə davam etdirib.
Qazaxıstan Respublikasının təhsil və elm naziri A.Sarinjipov Bakıda "Təhsildə mənəvi-əxlaqi dəyərlər harmonik şəxsiyyətin formalaşmasının əsasıdır" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına təbrik məktubu göndərib. Məktubda nazir elmi-praktik konfransın təşkilatçılarını və qonaqlarını Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi adından salamlayaraq bildirir ki, mənəvi-əxlaqi dəyərlər insana həyatın mənasını açan, həqiqət yolunu ona göstərən yüksək dəyərlərdir.
Oruc MUSTAFAYEV,
|
Hiç yorum yok:
Yorum Gönder