6 Eylül 2014 Cumartesi

1905.az portalı

1905.az portalının suallarını Bülbül adına orta ixtisas musiqi məktəbinin ibtidai sinif müəlliməsi, təlimçi-ekspert Könül Təhməzova cavablandırır.
 – Könül xanım, orta statistik orta məktəb şagirdimizin Qarabağ bilgiləri “zənbil”inin içindəkilər haqqında nə demək olar?
 - Əslində bu gün şagirdlərimizin Qarabağ, Ermənistanın təcavüzü haqqında bilgiləri o qədər də geniş deyil. Hətta deyərdim ki, çox zəifdir. Ola bilsin ki, bu, məlumatların az olması ilə bağlıdır. Orta məktəb şagirdlərimizin vətənpərvər ruhda tərbiyə alması üçün müəllimlərin üzərinə böyük yük düşür. Bilirsiniz ki, dərs dediyim məktəbdə əsas istiqamət musiqi təhsili ilə bağlıdır. Məktəbimizdə valideynləri, qohumları və ya dostları işğal altında olan bölgələrimizdən olan şagirdlərimiz də  təhsil alır. Belə şagirdlərimizdə vətənpərvərlik hissi daha güclü hiss edilir. Bunun da səbəbi yəqin ki, evdən, ailədən, torpaqdan gəlir. Müasir dövrdə şagirdlər yalnız tarix kitablarından bu haqda bilgi almaqla kifayətlənməməlidirlər. Vətənin tarixini öyrənmək üçün nə dərslikdəki məlumatı, nə də yaş dövrünü gözləmək lazım deyil.
 – Biz şagirdlərimizdə vətənpərvərlik ruhunun zəif olmasından danışırıq. Amma həmişə eşidirik ki, vətənpərvərlik hissləri aşağı siniflərdən, məktəbdən başlamalıdır. Kitablarımız bizim Dağlıq Qarabağ düyünü haqqında şagirdlərimizə yetərincə məlumat verə bilir?
 – Təəssüf ki, yetərincə məlumat verə bilmir. Məncə, fəndən asılı olmayaraq tariximiz haqqında qısa məlumata hər kitabda rast gəlməliyik. Fərqi yoxdur, bu riyaziyyat, yoxsa tarix kitabıdır. Ümumiyyətlə, tarix haqqında bəzi məlumatlar, şagirdlərin stolüstü kitabına, ensiklopediyasına çevrilməlidir. Nəzərə almaq lazımdır ki, hər uşağın materialı mənimsəmə qabiliyyəti eyni deyil. Oxumadan başqa mənbələrdən informasiya əldə etməklə də vətənpərvər olmaq olar.
 – Bu bilikləri belə demək mümkünsə kəmiyyət və keyfiyyət baxımından artırmaq üçün nə etməliyik? Şagirdlərin tariximizi doğru-düzgün bilməsi üçün müəllimlərin üzərinə hansı vəzifə düşür?
 – İlk növbədə müəllim tədris etdiyi fənnə yaradıcı yanaşmalıdır. Müəllim düşünməli deyil ki, gedim dərsimi deyim, çıxım gəlim evə. Məsələn, bizim dərsliklərin birində “Dəyərlərimiz” adlı bir mövzu var. Bu mövzunu  uşağa izah etmək üçün həm də əyani vəsaitlər lazımdı. Mən 2-ci sinif şagirdinə “Sona xalanın xalçası” ifadəsini danışmaqla izah edə bilmədim. Sonra “Xalçaçılıq muzeyi”nə ekskursiyaya getdik. Uşaqlar o xalçanı  görəndə başa düşdülər ki, bax, dəyər həm də xalçadır. Yəni, müəllim təkcə kitabla uşağa məlumat aşılamalı deyil.
Bir dəfə sırf özümün təşəbbüsümlə məktəbdə dərs dediyim siniflə açıq dərs etməyi qərarlaşdırdım. Təhsil İnstitutundan də bir neçə nəfər açıq dərsdə iştirak edirdi. Orada “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda bir dərsimiz var idi. Və mən açıq dərsdə yeni metodlara uyğun olaraq, şagirdləri komandalara bölüb, hərəsinə bir komanda işi tapşırmışdım. Komandaların adı “Qarabağ”, “Şuşa” və s. idi. Açıq dərs komandaların işlərinin təhvil verməsi ilə yekunlaşırdı  ki, həmin sinifdə ən zəif şagirdim, “Müəllimə, mənim komanda işinə bir əlavəm var” dedi.
Düzü, onun hansı əlavəsi ola bilər düşündüm. O dedi ki, mən Qarabağ şikəstəsini ifa etməklə komandamızın  işini yekunlaşdırmaq istəyirəm. Zalda hər kəs sözün yaxşı mənasında təəccüblənmişdi. Çünki 2-ci sinif şagirdinin Qarabağ şikəstəsi ifa etməsini heç kim gözləmirdi. O ifa etdi və çox gözəl də qarşılandı. Alqışlar susmaq bilmirdi. Mən hiss elədim ki, həmin şagird ona göstərilən rəğbət hissindən hədsiz dərəcədə həvəsləndi.
Demək istədiyim odur ki, uşaqların istəyinə mane olmaq lazım deyil. Və nə isə öyrətmək üçün uşaqların kitab oxuaması ilə kifayətlənməli deyilik, həm də layihələr, eksursiyalar təşkil edilməlidir.
 – Bəs, uşaqlar özləri həvəsli olurlar bu kimi məlumatları öyrənməyə ?
 – Bəli, onların özləri üçün də çox maraqlı olur. Əksər vaxtlar hər hansı layihə təşəbbüsü elə şagirdin özündən gəlir.
 – Biz, məsələn, Xocalı soyqırımını Xocalının işğal günü, 20 Yanvar şəhidlərini məhz 20 Yanvarda anmağa öyrəşmişik. Yəni ildə bir dəfə. Sizcə, şagirdlərin yadına ancaq bu tarixlərdə həqiqətləri yada salmaqda yanılmırıq?
 – Məncə, yanılırıq. Tariximizi təkcə hadisə olan günlərlə xatırlamalı deyil. Düşünürəm ki, həm də burada adət etdiyimiz vərdişlərdən uzaq olmalıyıq. Məsələn, soyqırım və ya hər hansı bölgəmizin işğal edilmə günü hansı sinfə daxil olursan hüznlü şeirlər deyilir, hüznlü mahnılar səslənir, qərənfillər görünür və hətta şagirdlər də qara lent bağlayırlar. Bu televiziyada da, idarələrimizdə də belədir. Biz soyqırım həqiqətlərini göz yaşı ilə yaşatmalı deyilik. Biz adət etmişik ki, Qarabağ, Xocalı deyəndə gözlərimiz dolmalıdır.  Bununla biz şagirdlərimizə heç nə öyrətmirik.
 – Müəllimin hazırlıq səviyyəsi, peşəkarlığı və dərsliklərin keyfiyyətlilik dərəcəsi, valideynlərin nəzarəti, dəstəyi və cəmiyyət. Bu amillərin optimal tənasübünə nə zaman nail ola biləcəyik ?Ümumiyyətlə , bu mümkündürmü?
 – Bilirsiniz, elə müəllimlərimiz var ki,  ümumiyyətlə, öz üzərində işləmək, yeni bir şey öyrənmək istəmirlər. Elə deyirlər ki, mən bu fənni bilirəm, mən yaxşı pedaqoqam. Müəllimlərin üzərinə böyük yük düşür, müəllim həm də çox məsuliyyətli olmalıdır.  Çünki şagirdlər müəllimlərə baxıb nə isə öyrənirlər. Müəllimlərin hazırlıq səviyyəsinin gücləndirilməsi üçün Təhsil Nazirliyi və digər təşkilatların təşkil etdikləri təlimlər, təhsil mövzusunda keçirilən ictimai, siyasi, mədəni, kütləvi treninqlər və seminarlar bu gün müəllimlərin ixtisas artımı sahəsində mühüm rol oynayır.
 K.Uşinskiyə görə, hərtərəfli insan tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır. Uşağı hərtərəfli öyrənmək həm müəllimin,həm də valideynin borcudur. Valideynlərlə əməkdaşlıq, valideynlərlə iş müəllimin fəaliyyətində xüsusi yer tutmalıdır. Müəllimin hazırlıq səviyyəsi, peşəkarlığı və dərsliklərin keyfiyyətlilik dərəcəsi, valideynlərin nəzarəti,dəstəyi və cəmiyyət. Məncə, artıq bu tənasübə nail olmaq astanasındayıq desək yanılmarıq.
 – 1905.az saytına tövsiyyələriniz…
 – 1905.az portalına davamlı, bol–bol oxucu arzulayıram. Çox maraqlı və aktual mövzuda olan söhbətdən məmnunluq hissi duyuram.
 Fuad Babayev, Aynur Hüseynova
1905.az

Hiç yorum yok:

Yorum Gönder