27 Ekim 2014 Pazartesi

AZƏRBAYCAN   DİLİNİN   ORFOQRAFİK   QAYDALARI


Saitlərin yazılışı
1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.
4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

Samitlərin yazılışı

5. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
6. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
7. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.
Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
8. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.
Vitse sözü istisnadır.
Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır:
Setkin, Siolkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
9. Rus dilində tərkibində щ olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
10. Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
11. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
12. Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.

Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı

13. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
14. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.
Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
15. İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.

Şəkilçilərin yazılışı

16. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
1. Bir cür yazılan şəkilçilər:
1) -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
2) -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
2. İki cür yazılan şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.
3. Dörd cür yazılan şəkilçilər:
1) -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
2) sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;
3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər:
sonu kar samitlə bitənlərdə:
a) -ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
b) -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun;
sonu cingiltili samitlə bitənlərdə:
a) -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
b) -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
4) -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.
Qeyd. Saitlə bitənlərdə -stan yazılır.

Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı

17. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.

Mürəkkəb sözlərin yazılışı

18. Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
19. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir:
1) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;
2) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market;
3) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;
4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.

Köməkçi sözlərin yazılışı

20. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş...
21. Qoşmalar iki cür yazılır:
1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;
2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.
22. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
23. İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
24. Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
-mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır.
Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana?
Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?
25. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
26. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

Birinci hərfi böyük yazılan sözlər

27. Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...

28. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan:
29. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası...
Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
31. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi ...
32. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, "Azərbaycan Bayrağı" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti, "Cücələrim" kafesi, "Bahar" mağazası, "Badamlı", "İstisu" mineral suları...
Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası:
33. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım:

İxtisarlar (abreviaturlar)

34. İxtisarlar üç cür yazılır:
a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..;
b) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi)..;
c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod):
35. İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin:

Sözün sətirdən sətrə keçirilməsi
36. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər :
Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilib.

26 Ekim 2014 Pazar

Müəllim pedaqoji prosesdə əsas simadır


Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.
Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.
Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.
Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün müəllimlik işinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə aşağıdakılar daxildir:
a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir;
b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz;
c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir;
ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Hər bir konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb olunur. Bunun üçün pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnmək vacibdir. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir.
Pedaqoji fəaliyyətdə müəllimin şəxsiyyəti böyük əhəmiyyətə malikdir. Başqa peşə sahiblərindən fərqli olaraq müəllimin şəxsiyyəti onun işinə - pedaqoji prosesə bilavasitə təsir göstərir. Müəllim ilk növbədə, öz şəxsiyyəti ilə tərbiyə edir. Təlim-tərbiyə işində müəllimi heç nə əvəz edə bilməz.
Öz işinin öhdəsindən uğurla gəlmək üçün müəllim əsl mənada şəxsiyyət olmalı, özündə müsbət keyfiyyətlər formalaşdırmalıdır. Müəllimin başlıca şəxsi keyfiyyətləri sırasında aşağıdakıları qeyd etmək olar:
1) Müəllim yüksək əqidə, məslək sahibi, müəllim - Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Xalq şairi B.Vahabzadə vaxtilə orta məktəbdə ədəbiyyat müəlliminin Hüseyn Cavid və onun ağır həyatı haqqında ürək yanğısı ilə, hətta ağlayaraq dərs keçməsini xatırlayır.
2) Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik və b.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına vermək olmaz.
3) Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Y.A.Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə "müəllim" uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də şagird, tələbə yetişdirər.
4) Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir. Pedaqogika tarixində uşaqları öz övladı kimi sevən, onlara ürəyini verən müəllimlər az olmamışdır (Y.Korçak, V.A.Suxomlinski, A.S.Makarenko, Y.Talıbov, "Anacan" və b.).
5) Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.
Müəllim pedaqoji prosesdə əsas sima kimi o zaman çıxış edə bilər ki, o, yüksək peşəkarlığa - pedaqoji qabiliyyətlərə yiyələnmiş olsun. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.
Akademik qabiliyyət - geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət - bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.
Ünsiyyət (kommunikativ) qabiliyyəti - uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.
Konstruktiv qabiliyyət - özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur.
İradi-emosional qabiliyyət - müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.
Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.